Gürcü müxalifətçisi, "Aqmaşenebeli Strategiyası" partiyasının lideri Giorgi Vaşadze parlamentin mübahisəli istintaq komissiyasına gəlmədiyinə görə 7 ay müddətinə azadlıqdan məhrum edilib. Ona həmçinin 2 il ərzində dövlət vəzifələrini tutmaq qadağan edilib.
Bir gün əvvəl - iyunun 23-də digər üç müxalifət lideri oxşar ittihamlarla azadlıqdan məhrumetmə cəzası alıblar. "Güclü Gürcüstan" və "Lelo" partiyalarının rəhbərləri Mamuka Xazaradze və Badri Caparidze hər biri 8 ay müddətinə həbs cəzasına məhkum edilib. "Dəyişikliklər Uğrunda Koalisiya" və "Qirçi – Daha çox azadlıq" partiyasının lideri Zurab Caparidze isə 7 ay müddətinə azadlıqdan məhrum edilib.
G.Vaşadze hökmün elanında iştirak etməyib. O, partiyasının ofisində hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.
Gürcüstanın beşinci prezidenti Salome Zurabişvilinin sözlərinə görə, iqtidarda olan "Gürcü arzusu" partiyası paranoid vəziyyətdədir və bu, rejimin son mərhələdə olduğunu göstərən klassik əlamətdir. O bildirib ki, hakimiyyətin hərəkətləri daxili parçalanma, artan repressiyalar və sistemin öz daxilindəki qorxu ilə bağlıdır.
Zurabişvili qeyd edib ki, müxalifəti və cəmiyyəti çətin dövr gözləyir, xüsusilə də dinc etiraz aksiyalarında iştirak edən gəncləri. O, dinc aksiyaların davam etdirilməsinin və müxalifətin vahid strategiya ətrafında birləşməsinin vacibliyini vurğulayıb.
Müxalifət liderlərinə qarşı çıxarılan hökmləri Qərb siyasətçiləri, o cümlədən ABŞ konqresmeni Co Uilson kəskin pisləyib. Uilson sosial şəbəkədə yazıb: "Qeyri-legitim "Gürcü arzusu" rejimi müxalifət liderləri Zurab Caparidze, Mamuka Xazaradze və Badri Caparidzeni qanunsuz olaraq həbs edərək repressiyaları gücləndirir. İvanişvili ölkəni kommunist Çinin xidmətində olan birpartiyalı dövlətə çevirməyə çalışır. Senat #MEGOBARI aktını qəbul etməlidir!".