'MeydanTV'çilərin həbs müddəti artırıldı

Sizin brauzer HTML5-i dəstəkləmir

'MeydanTV işi': Yeddi jurnalist eyni maddə ilə həbs edildi (Arxiv)

İyunun 24-də Xətai rayon Məhkəməsində "MeydanTV işi" ilə bağlı tutulan digər jurnalistlərin də həbs müddətləri 3 ay artırılıb. Söhbət Ramin Deko (Cəbrayılzadə), Aytac Tapdıq (Əhmədova), Natiq Cavadlı, Xəyalə Ağayeva, Aysel Umudova, Şəmşad Ağa, Fatimə Mövlamlı, Ülviyyə Əli (Quliyeva) və Bakı Jurnalistika Məktəbinin direktor müavini Ülvi Tahirovdan gedir.

Onlardan ən sonuncu Ü.Əli mayın 7-də həbs edilib. Onun haqqında 1 ay 29 günlük həbs-qətimkan tədbiri seçilmişdi. O da, digərləri kimi, ittihamı qəbul etmir.

+++

Bu gün, iyunun 24-də Xətai rayon Məhkəməsində "MeydanTV işi" ilə bağlı tutulan jurnalistlərin həbs müddətinin artırılması ilə bağlı prokurorun vəsatətlərinə baxılıb.

Ayrı-ayrı keçirilən proseslərdə Aygün Qəmbərova (Elgünəş) və Nurlan Qəhrəmanlının (Libre) həbs müddəti daha 3 ay uzadılıb.

Müdafiə tərəfi vəsatətə etiraz edib, həbs müddətinin artırılmasına ehtiyac görməyib. Vəkillər hesab edirlər ki, sözügedən jurnalistlər heç bir cinayətə yol verməyiblər. Müdafiə tərəfinin gəldiyi nəticəyə görə, jurnalistlər qaçaqmalçılıqda ittiham edilsələr də, ortaya heç bir tutarlı sübut qoyulmayıb.

A.Elgünəş də vurğulayıb ki, məhkəmə notarius kimi göndərilənləri təsdiq etməməlidir. Prosesdən sonra A.Elgünəşin vəkili Elçin Sadıqov Azadlıq Radiosuna deyib ki, qərardan apellyasiya şikayəti verəcəklər.

MeydanTV-nin əməkdaşları – Aynur Qənbərova (Elgünəş), Aysel Umudova, Natiq Cavadlı, Aytac Əhmədova (Tapdıq), Xəyalə AğayevaRamin Cəbrayılzadə (Deko) ötən il dekabrın 6-dan həbsdədirlər. Onlarla yanaşı, Bakı Jurnalistika Məktəbinin direktor müavini Ülvi Tahirov da həbs olunub. Onların hər birinə qarşı Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq — qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.

Onların həbs müddəti bir neçə dəfə artırılıb.

Adları çəkilən şəxslərdən başqa, fevralda daha üç jurnalist də "MeydanTV" ilə bağlı cinayət işi üzrə tutulub. Fevralın 4-də Şəmşad Ağayev, fevralın 20-də Nurlan Qəhrəmanlı (Libre), fevralın 28-də isə Fatimə Mövlamlı saxlanıb.

Jurnalistlər özlərini təqsirli bilmir, qaçaqmalçılıq ittihamının saxta olduğunu, peşə fəaliyyətlərinə görə cəzalandırıldıqlarını deyirlər.

Xatırlama

2023-cü ilin noyabrından başlayaraq Azərbaycanda qruplar halında 30-dan çox jurnalist, ictimai fəal qaçaqmalçılıq ittihamı ilə həbs edilib. Onlar ittihamla razılaşmır, bunu peşə fəaliyyətləri və siyasi sifarişlə izah edirlər. Sonradan onlardan bir çoxunun ittihamı ağırlaşdırılıb.

Ötən həftə onlardan "AbzasMedia işi" üzrə günahlandırılan yeddi jurnalistə 9 ildən 7 il 6 aya qədər həbs cəzası verilib. Onların arasında AzadlıqRadiosunun 9 il həbs cəzası alan jurnalisti Fərid Mehralizadə də var.

Yerli hüquq-müdafiə təşkilatlarının hazırladığı siyahılara görə, indi Azərbaycan həbsxanalarında 370-dən çox siyasi məhbus var. Rəsmilər isə, bir qayda olaraq, vurğulayırlar ki, ölkədə heç kim peşə fəaliyyəti ilə bağlı, siyasi əsaslarla həbs edilmir. Onlar iddia edirlər ki, həmin siyahılarda adları yer alanlar törətdikləri əmələ görə məsuliyyətə cəlb olunublar.