Keçid linkləri

2025, 24 İyun, çərşənbə axşamı, Bakı vaxtı 03:08

Bəhruz Səmədova 15 il həbs cəzası kəsildi


Bəhruz Səmədov
Bəhruz Səmədov

Politoloq Bəhruz Səmədova dövlətə xəyanət ittihamıyla 15 il həbs cəzası kəsilib. İyunun 23-də Bakı Ağır Cinayətlər Məhkəməsində ona hökm oxunub. Gənc fəal Ermənistan xüsusi xidmət orqanlarıyla əməkdaşlıqda təqsirli sayılıb.

Ancaq hökmdən öncə B.Səmədov özü də, vəkili Zibeydə Sadıqova bu ittihamın əsassız olduğunu bildirib, bəraət hökmü çıxarılmasını istəyiblər. Vəkil müdafiə çıxışında vurğulayıb ki, B.Səmədov alimdir, həm Azərbaycan, həm də Ermənistan barədə araşdırmaları var. Müdafiəçi deyib ki, bu işdə dövlətə xəyanət, casusluq əməlini təsdiqləyən heç bir fakt, sübut ortaya qoyulmayıb: "Bəhruz Səmədov sülhpərvər alimdir, müharibə əleyhdarıdır. O, müharibənin əleyhinə olub və bununla bağlı fikirlərini dilə gətirib. Buna görə adamı dövlətə xəyanətdə ittiham etmək absurddur".

Vəkil Zibeydə Sadıqova
Vəkil Zibeydə Sadıqova

B.Səmədov özü də son sözündə sülhpərvər fikirlərinə görə cəzalandırıldığını bildirib.

Qısa müşavirədən sonra hakimlər Elnur Nuriyevin sədrlik etdiyi hakimlər kollegiyası onun haqqında 15 illik hökmü elan edib.

Hökmdən sonra vəkil Z.Sadıqova AzadlıqRadiosuna bildirib ki, hökmü əsassız və ədalətsiz hesab edir, apellyasiya şikayəti verəcək. Müvəkkilinin prokurorun ona 16 il həbs tələbindən sonra – iyunun 20-dən aclığa başladığını deyən vəkilin sözlərinə görə, bu da onun durumuna təsir göstərir: "Dörd gündür yalnız su qəbul edir, bu üzdən halsız idi. Bakı İstintaq Təcridxanasının tibb məntəqəsində saxlanılır".

Gənc fəalın yeganə ailə üzvü olan nənəsi Zibeydə Osmanova deyir ki, Azərbaycanda həqiqətləri dilə gətirənlər repressiyaya məruz qalır, Bəhruz da onlardan biridir: "Özləri bu ölkənin var-dövlətini yeyib-dağıdırlar, bunu dilə gətirənləri türmələrə doldururlar. Bu ölkədə söz azadlığı, toplaşma azadlığı ancaq kağız üstündədir. Əgər işləmirsə, "konstitusiya" adlı kağız parçasına nə ehtiyac var?! Xalqı nökər ediblər, oğurladıqlarını oğurlayırlar, istədiklərini edirlər. Nədən qorxurlar ki, həqiqəti dilə gətirən gəncləri həbsdə çürüdürlər?".

Bəhruz Səmədov
Bəhruz Səmədov
21 aprel

Bəhruz Səmədov: 'Məndə olmayan dövlət sirrini necə kiməsə ötürə bilərəm?'

Ermənistan xüsusi xidmət orqanlarına casusluqda suçlanan politoloq Bəhruz Səmədov deyir, altı ildir ölkədə yaşamadığı, əlində dövlət sirri sayılan heç bir məxfi informasiya olmadığı halda, onu kiməsə bilgi ötürməkdə suçlamaq absurddur. O, aprelin 21-də məhkəmədə ifadə verərkən belə söyləyib.

B.Səmədov Bakı Ağır Cinayətlər Məhkəməsində mühakimə olunur. Aprelin 21-də onun işi üzrə məhkəmə istintaqı başlanıb, prokuror ittiham aktını açıqlayıb. Gənc fəala Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsiylə ittiham verilib. Bu maddənin sanksiyasında 20 ilədək və ya ömürlük həbs cəzası nəzərdə tutulub.

B.Səmədov özünü təqsirli bilməyib, dövlətə xəyanət ittihamının qondarma olduğunu vurğulayıb. O, ifadəsində bildirib ki, Ermənistan xüsusi xidmət orqanlarıyla əməkdaşlıqda suçlansa da, bunu təsdiqləyən heç bir sübut yoxdur.

Təhsili və işiylə bağlı həbsindən öncə altı il Azərbaycanda yaşamadığını və burada heç bir dövlət orqanında çalışmadığını söyləyən gənc politoloqun sözlərinə görə, onu sahib olmadığı dövlət sirrini başqasına ötürməkdə ittiham edirlər: "Altı il idi ölkədə yaşamırdım. Heç bir dövlət orqanında işləməmişəm. Heç bir məxfi sənədə çıxışım olmayıb. Məndə olmayan dövlət sirrini necə kiməsə ötürə bilərəm?".

B.Səmədov müharibə əleyhdarı olduğuna və Azərbaycanla Ermənistan arasında sülh çağırışlarına görə cəzalandırıldığını düşünür.

Onun işi üzrə məhkəmə prosesi mayın 16-da şahid ifadələriylə davam edəcək.

Xatırlatma

B.Səmədov ötən il avqustun 21-də saxlanılıb, iki gün sonra Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsiylə barəsində həbs-qətimkan tədbiri seçilib.

Praqadakı Karlov Universitetinin doktorantura pilləsində təhsil alan B.Səmədov həbs olunduğu dövrdə məzuniyyətə gəlibmiş.

O, müharibə əleyhinə yazıları ilə seçilib, özəlliklə Azərbaycan və Ermənistan arasında 2020-ci ildəki 44 günlük savaş və ötən il Qarabağda keçirilən hərbi əməliyyatlar zamanı rəsmi Bakının mövqeyi ilə üst-üstə düşməyən açıqlamalar verib.

XS
SM
MD
LG