12 günlük misilsiz birbaşa hərbi qarşıdurmadan sonra İsrail və İran atəşkəs barədə razılığa gəliblər və bu razılaşma bölgədə gərgin və narahat bir sakitlik yaradıb.
Dağıdıcı hava zərbələri, raket hücumları və gizli əməliyyatlarla yadda qalan bu müharibə hər iki ölkəni sarsıdıb. Döyüşlər dərhal dayandırılsa da, bu qısa, lakin şiddətli müharibənin siyasi, hərbi və nüvə nəticələri indi üzə çıxmağa başlayır.
Hər iki ölkə bu müharibədə uğur qazandığını bəyan edib. İsraillilər əməliyyatın hədəflərinə çatdığını iddia edib, iranlılar isə əsas rəqiblərini atəşkəsə məcbur etdiklərini bəyan edib.
Ancaq rəsmi açıqlamaların fonunda analitiklər atəşkəsin kövrək olduğu, strateji tarazlığın dəyişdiyi və münaqişənin yenidən başlaması və ya təhlükəli eskalasiya riskinin yüksək olması barədə xəbərdarlıq edir.
İsrailin nailiyyətləri
İsrail hökuməti "Yüksələn Şir" əməliyyatının bütün hədəflərinə nail olunduğunu bəyan edib. Rəsmi açıqlamalarda İranın əsas nüvə və raket obyektlərinin məhv edilməsi, yüksəkrütbəli hərbi rəhbərlərin aradan qaldırılması və Tehranın hava məkanında üstünlüyün təmin olunması qeyd olunub.
"İsrail əsas hərbi-strateji və hökumət hədəflərinə olduqca effektiv zərbələr endirə bilib", - Cenevrə Beynəlxalq və İnkişaf Araşdırmaları İnstitutunun aparıcı tədqiqatçısı Fərzan Sabet AzadlıqRadiosuna bildirib.
O deyib ki, bu münaqişə İsrailin İranın təhlükəsizlik aparatına sızmasının miqyasını üzə çıxarıb. Tədqiqatçının sözlərinə görə, İsrailin kəşfiyyat xidməti – "Mossad" "satqınlardan ibarət legionun yaratmağa nail olub və bu şəxslər müharibədə ən böyük zərərə səbəb olan amillərdən biridir".
Lakin İsrail və ABŞ-nin bombardmanlarına baxmayaraq, İranın nüvə proqramı tamamilə sıradan çıxarılmayıb, müəyyən zənginləşdirmə qabiliyyəti və texniki bilik qorunub, həmçinin İranın gizli şəkildə nüvə silahı əldə etmə riski hələ də qalır.
Nüvə silahlarının yayılmasının qarşısının alınması üzrə ekspert, Brukinqs İnstitutunun baş elmi işçisi Robert Eynhorn bildirib ki, İranın 60 faiz səviyyəsində zənginləşdirilmiş uran ehtiyatından 400 kiloqramdan çoxu başqa yerə köçürülüb və onun dəqiq harada yerləşdirildiyi məlum deyil.
"Əgər bu ehtiyatlar hələ də İranın nəzarətindədirsə, onları hansısa gizli yerə aparmaq və nüvə silahı proqramında istifadə etmək mümkün ola bilər",- Eynhorn AzadlıqRadiosuna bildirib.
İranın zəifləyən mövqeyi və məhv olan nüfuzu
İran rəhbərliyi qurtulsa da, lakin bunun bədəli ağır olub. Onun nüvə, raket və dron arsenalı ciddi şəkildə zəifləyib; yüksəkrütbəli hərbi rəhbərliyin böyük bir hissəsi öldürülüb; hava müdafiəsi ölkəni İsrailin zərbələrindən qoruya bilməyib; İslam Respublikası siyasi baxımdan zəifləyib.
Sabet bunu "İran üçün fəlakət" adlandırıb, Eynhorn isə qeyd edib ki, "İran indi iki həftə əvvəlkindən daha zəifləyib və beynəlxalq aləmdə daha çox təcrid olunub".
İslam Respublikasının legitimliyinin əsas dayaqlarından biri olan milli təhlükəsizliyin təminatçısı iddiası ciddi şəkildə zəifləyib. Bunun əsas səbəbləri isə İsrailin hava hücumlarını dəf edə və müharibənin ilk günündə hərbi rəhbərliyini qoruya bilməməsi ilə bağlıdır.
"Bu,(İslam Respublikasının) nüfuzuna böyük zərbədir", - Sabet deyib.
Nüvə dilemması: çəkindirmə, yoxsa məhdudiyyət?
Müharibənin ən təhlükəli nəticələrindən biri onun İrana nüvə silahı əldə etmək üçün verdiyi stimul ola bilər. İran daha əvvəl bəyan etmişdi ki, nüvə silahı əldə etmək istəməsə də, ekzistensial təhlükə ilə üzləşərsə, doktrinasını yenidən gözdən keçirəcək.
Bu müharibə İran rəhbərliyinə qarışıq siqnallar göndərir. İrandakı bəzi qruplar hücumları nüvə həddini keçməmək üçün xəbərdarlıq kimi qiymətləndirə bilər. Lakin onun çəkindirici qüvvəsi zəiflədiyi üçün başqaları nüvə silahını İrandakı sistemin sağ qalması üçün yeganə etibarlı təminat hesab edə bilər.
"Nüvə silahı potensialına sahib olmaq ölkə üçün çox, çox riskli ola bilər. İranda xarici hücumların qarşısını almaq üçün yeganə yolun nüvə silahı olduğuna inanan sərt xətt tərəfdarları olacaq. Bu qruplardan hansının qalib gələcəyi isə indiki mərhələdə bəlli deyil", - Eynhorn deyib.
Amma Sabet İranın gizli nüvə silahı əldə etmə qabiliyyətinə və təşkilati potensialına şübhə ilə yanaşır, xüsusilə də onun nə dərəcədə zəifləmiş olduğunu nəzərə alaraq.
"İslam Respublikası kimi tamamilə etibarsız və bacarıqsız bir sistemə çox etibar etməzdim", - o bildirib. Həmçinin tədqiqatçı əlavə edib ki, əgər İran nüvə sınağı keçirsə, "İrana qarşı nüvə eskalasiyası baş verə bilər ki, bu da mənim fikrimcə, çox təhlükəlidir".
Bu kövrək fasilədir, davamlı sülh deyil
Atəşkəs nəticəsində münaqişədə cüzi fasilə əldə olunub. İsrail hərbi qələbə iddia edə bilər, lakin siyasi və strateji oyun hələ də həll olunmamış qalır.
İslam Respublikası sarsılıb və onun çəkindirmə qabiliyyəti azalıb, lakin ən azı indiyə qədər o, sağ qalıb.
İsrail döyüşdə qalib gələ bilər, lakin müharibənin əsas dilemmaları - nüvə riski, regional qeyri-sabitlik və qarşılıqlı inamsızlıq hələ də qalır.
Eynhornun sözlərinə görə, yalnız diplomatik səylər İranın nüvə materialını tam nəzarətdə saxlaya və regionu uçurumun kənarından geri çəkə bilər.
"Yoxa çıxan 400 kiloqramlıq yüksək zənginləşdirilmiş uran... gizli nüvə silahı proqramının əsasına çevrilə bilər. Və bununla hərbi hücumla mübarizə aparmaq olmaz. Bunu ancaq diplomatiya yolu ilə həll etmək olar", - o qeyd edib.
Yazı AzadlıqRadiosunun əməkdaşı Kian Şərifi tərəfindən hazırlanıb.