Rusiya Avroatlantik regionun təhlükəsizliyi üçün "uzunmüddətli təhdid" olaraq qalır və NATO-ya 32 üzv dövlət bu və digər təhdidlər qarşısında öz birliyini qoruyur. Bu barədə iyunun 25-də Haaqada keçirilən NATO sammitinin yekun bəyannaməsində qeyd olunub.
Sənəddə həmçinin Şimali Atlantika Müqavilənin 5-ci maddəsində nəzərdə tutulduğu kimi, müttəfiqlərdən birinə qarşı aqresiya olarsa, NATO ölkələrinin kollektiv müdafiəyə "sarsılmaz" öhdəliyi vurğulanıb.
Bəyannamədə o da bildirilib ki, müttəfiqlər "Ukraynaya dəstək vermək barədə uzunmüddətli suveren öhdəliklərini təsdiqləyirlər" və Ukraynanın təhlükəsizliyi NATO müttəfiqlərinin təhlükəsizliyinə töhfə verir.
Sənəddə əvvəlki ABŞ administrasiyası dövründə NATO sammitlərində qəbul qəbul olunmuş bəyannamələr ilə müqayisədə Rusiya ilə bağlı daha yumşaq ifadələr yer alıb. Xüsusilə, mətndə Rusiyanın Ukraynaya müdaxiləsinə dair heç bir qeyd yoxdur və Rusiyanın hərəkətlərinin qınanması da sənəddə əksini tapmayıb. Ukraynanın NATO-ya üzvlük perspektivləri barədə də sənəddə heç bir qeyd yoxdur. Bildirilirdi ki, bunun yekun bəyannaməyə daxil edilməsinə ABŞ və bir sıra digər ölkələr qarşı çıxıblar. NATO-nun baş katibi Mark Rütte isə deyib ki, bu məsələnin sənəddə əks olunmaması, Ukraynanın gələcəkdə alyansa üzv olmasına dair əvvəlki qərarların ləğv edilməsi anlamına gəlmir.
Yekun bəyannamədə NATO müttəfiqləri müdafiə sahəsi ilə bağlı xərclərin 2035-ci ilə qədər ÜDM-in 5%-nə çatdırılmasının zəruri olduğu barədə də razılığa gəliblər. Bu öhdəliklə bağlı ABŞ prezidenti Donald Trampın administrasiyası israr edirdi. Bir çox ölkələr isə Rusiya təhdidi fonunda xərclərin artırılmasına hazır olduqlarını vurğulayıblar.
Bu vəsaitin 3,5%-i birbaşa müdafiəyə, 1,5%-i isə kritik infrastrukturun mühafizəsinə, innovasiyalara və sənaye bazasının gücləndirilməsinə yönəldiləcək.
Tramp NATO-nun 'çox güclü' olacağını bildirib
Haaqada keçirilən NATO sammiti çərçivəsində hərbi alyansın baş katibi Mark Rütte ilə görüşən ABŞ prezidenti Donald Tramp bildirib ki, müttəfiqlər müdafiə xərclərini ÜDM-in 5 faizinə çatdırmaq öhdəliyi götürdükdən sonra hərbi blok "çox güclü" olacaq.
Hərbi xərclərlə bağlı hədəfin sammitin yekununda qəbul ediləcək kommünikedə əks olunacağı gözlənilir.
Üzv ölkələrdən biri aqressiya ilə üzləşərsə, kollektiv müdafiəni nəzərdə tutan Şimali Atlantika Müqaviləsinin 5-ci maddəsinə ABŞ-nin sadiqliyi ilə bağlı suala cavab olaraq prezident Tramp bildirib ki, o, "tam şəkildə" müttəfiqlərin yanındadır. Daha əvvəl bir sıra ölkələr Trampın mövqeyi ilə bağlı narahatlıq ifadə ediblər, çünki o, 5-ci maddənin fərqli şəkildə şərh oluna biləcəyini bildirmişdi.
Baş katib Rütte isə qeyd edib ki, hərbi xərclərin 5 faizə qədər artırılması Avropa ölkələri və Kanadaya aid olacaq, ABŞ-nin vergi ödəyicilərinə təsir etməyəcək. NATO baş katibinin fikrincə, bütün müttəfiqlər bu artımla razılaşacaqlar.
D.Tramp dəfələrlə bəyan edib ki, Avropa öz təhlükəsizliyinə daha çox sərmayə qoymalıdır.
Finlandiya prezidenti Aleksandr Stubb qəbul edilən qərarları "yeni NATO-nun doğulması" adlandırıb və onun daha balanslı olacağına inandığını bildirib. Finlandiya, Polşa və Baltikyanı ölkələr tərəfdaşlarını xərcləri artırmağa çağırarkən təkcə Trampın tələblərinə deyil, ilk növbədə Rusiyadan gələn təhdidə işarə edirlər.
NATO ölkələrinin (İspaniya bunu bəzi qeyd-şərtlərlə edəcək) qarşıdakı 10 il ərzində müdafiə xərclərini ÜDM-in 3.5 faizinə çatdırmağı öhdələrinə götürəcəyi gözlənilir. Əlavə olaraq, ÜDM-in daha 1.5 faizi isə birbaşa orduya deyil, müdafiə ilə bağlı infrastruktur layihələrinə, məsələn, yol inşası, logistika və kibertəhlükəsizlik sahələrinə yönəldiləcək.