Azərbaycanın Xarici İşlər Nazirliyi (XİN) İranın Ermənistandakı səfirinin son açıqlamalarını "açıq təxribat" adlandırıb.
Səfir Mehdi Sobhani iyunun 27-də deyib ki, Tehran kəşfiyyat məlumatları əsasında Bakıya müraciət edib, İsrailin İrana zərbələr üçün Azərbaycan ərazisindən istifadə etməsinə dair məlumatların araşdırılmasını istəyib.
"Aldığımız məlumata görə, qonşu ölkələrdən ərazimizə az sayda dron daxil olub. Buna görə də İran və Azərbaycan prezidentlərinin telefon söhbətində bizim prezident (Məsud Pezeşkian) (İlham) Əliyevdən xahiş edib ki, bu istiqamətdə ciddi araşdırma aparılsın. Bu araşdırmanın nəticəsini gözləyəcəyik, daha sonra necə reaksiya verməklə bağlı qərar verəcəyik", – M.Sobhani vurğulayıb.
Azərbaycan XİN-dən cavab
"İran səfiri Mehdi Sobhaninin guya Azərbaycan ərazisindən İrana qarşı istifadə edilməsi, İsrail dronlarının Azərbaycan ərazisindən hücum həyata keçirməsi ilə bağlı səsləndirdiyi əsassız və təxribat xarakterli iddialarını qətiyyətlə rədd edirik". Bunu iyunun 27-də Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) bildirib. XİN vurğulayıb ki, bu iddialar Azərbaycan və İran arasında bir-birinin ərazi bütövlüyü və suverenliyinə qarşılıqlı hörmətə, daxili işlərə qarışmamağa əsaslanan münasibətlərə xələl gətirir.
"Azərbaycan prezidentinin İran prezidenti ilə bu yaxınlarda telefon danışığı zamanı, eləcə də xarici işlər nazirinin həmkarı ilə telefon danışığında müvafiq qaydada izah etdiyi mövqe fonunda İran səfirinin iddialarını açıq təxribat kimi qiymətləndiririk", - XİN-in sözçüsü Ayxan Hacızadə vurğulayıb.
Əliyev: Bəzi dairələr Azərbaycan-İran əlaqələrinə xələl gətirmək üçün...”
"Bəzi dairələr Azərbaycan-İran əlaqələrinə xələl gətirmək üçün şayiələrə əsaslanan məlumatlar yayıb". AZƏRTAC-ın məlumatına görə, bunu prezident İlham Əliyev iyunun 27-də İran İslam Respublikasının Azərbaycana yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Müctəba Dəmirçilunun etimadnaməsini qəbul edərkən deyib.
Dövlət başçısı İranla-İsrail arasında son münaqişə ilə bağlı Azərbaycanın öz mövqeyini ifadə edən ilk ölkələrdən biri olduğunu deyərək bu gərginliyi qınadığını vurğulayıb. Bəzi dairələrin və media təmsilçilərinin Azərbaycan-İran əlaqələrinə xələl gətirmək üçün "şayiələr və yalanlara əsaslanan" məlumatlar yaydığını deyən İ.Əliyev bütün bunları "tamamilə cəfəngiyat" adlandırıb.
Lakin məlumatda prezidentin bu dəyərləndirməsində hər hansı detala toxunub-toxunmadığı qeyd edilmir.
Məlumata görə, səfir də qeyd edib ki, Azərbaycanla İran arasındakı münasibətlər dostluğa, qonşuluğa və qardaşlığa əsaslanır: “İran tərəfi də tam əmindir ki, Azərbaycan ərazisindən İrana qarşı heç vaxt istifadə oluna bilməz, Azərbaycan dövləti buna heç zaman imkan verməz”.
İranın Azərbaycandakı sonuncu səfiri Seyid Abbas Musəvinin səlahiyyət müddəti 2024-cü ilin mayında başa çatıb. Bir ildən çox idi ki, İran Azərbaycana səfir göndərmirdi.
Təyinatın uzanması ilə bağlı hər hansı rəsmi açıqlama verilməsə də, bəzi müstəqil ekspertlər bunu iki ölkə arasında münasibətlərin əslində o qədər də yüksək səviyyədə olmaması ilə izah edirdilər.
Xatırlatma
İsraillə 1990-cı illərdə ilk əlaqələrini quran Azərbaycan ondan ötrü vacib neft mənbəyinə çevrilib, idxalının yarıdan çoxunu təmin edir.
İsrail isə Azərbaycan üçün vacib silah təchizatçısıdır. Stokholm Beynəlxalq Sülh Tədqiqatları İnstitutu (SIPRI) hesablamasına görə, 2016-2021-ci illərdə İsrail Bakının silah idxalının 69 faizini təşkil edib
Azərbaycanın İranla isə 2024-cü ilə qədər münasibətlərində müəyyən gərginlik olub. Xüsusilə, hər iki ölkənin bir-birinin sərhədinə yaxın ərazidə hərbi təlimlər keçirməsi qarşılıqlı narazılıqlar doğurmuşdu. Hətta 2023-cü il yanvarın 27-də Azərbaycanın Tehrandakı səfirliyinə "Kalaşnikov" avtomatı ilə silahlı hücum da oldu. Hədisə nəticəsində səfirliyin bir əməkdaşının həlak olduğu, ikisinin isə xəsarət aldığı açıqlandı. Amma son vaxtlar iki ölkənin münasibətlərində müəyyən yaxınlaşma müşahidə edilir. Hətta onlar birgə hərbi təlimlər də keçiriblər.
Azərbaycan və İran prezidentləri danışıb
İyunun 26-da Azərbaycan prezidenti İlham Əliyevlə İran İslam Respublikasının prezidenti Məsud Pezeşkian arasında telefon söhbəti olub.
Azərbaycan prezidentinin Mətbuat xidmətinin məlumatına görə, İ.Əliyev İran-İsrail qarşıdurmasının dayandırılması, atəşkəsin əldə olunması ilə bağlı M.Pezeşkiana təbriklərini çatdırıb, bölgədə sülhün və əmin-amanlığın vacib şərt olduğunu bir daha qeyd edib.
"Telefon söhbəti əsnasında dövlət başçıları ikitərəfli münasibətlərin perspektivləri ilə bağlı fikir mübadiləsi aparıb...", - məlumatda əlavə edilib.
Əliyev Pezeşkianı iyulun əvvəlində Azərbaycanda keçiriləcək İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) Sammitinə dəvət edib.
İyunun 13-də İsrail İrana hava zərbələri endirib. Rəsmi Təl-Əviv məqsədlərinin İranın nüvə obyektlərini sıradan çıxarmaq olduğunu bildirib. İran da qarşı tərəfə cavablar verib. Hər iki tərəfdən itkilər olub.
İyunun 21-də isə İranın üç nüvə obyektinə ABŞ zərbələr endirib. Prezident Donald Tramp zərbələri uğurlu sayıb. İran da buna cavab olaraq ABŞ-nin bölgədəki bəzi obyektlərini vurduğunu açıqlayıb. Amma bundan əvvəl rəsmi Vaşinqton xəbərdar edilib.
İyunun 24-də ABŞ-nin vastəçiliyi ilə İsrail və İran arasında atəşkəs əldə edilib
ABŞ, İsrail və bir çox Qərb ölkələri hesab edirlər ki, İranın uranı zənginləşdirmək layihəsi dinc məqsədlərə xidmət etmir.