Keçid linkləri

2025, 25 İyun, çərşənbə, Bakı vaxtı 22:37

Tramp İranın nüvə obyektlərinə endirilən zərbələrin uğurunu azaldan məlumatları tənqid edib


Donald Tramp
Donald Tramp

ABŞ prezidenti Donald Tramp və Pentaqon ötən həftəsonu İranın nüvə obyektlərinə endirilən aviazərbələrin Tehranın nüvə proqramını yalnız bir neçə ay geri saldığına dair xəbərləri sərt tənqid ediblər. Bu xəbərlər ABŞ mediasında adı açıqlanmayan mənbəyə istinadən yayımlanıb.

İlk olaraq iyunun 24-də CNN-də yayımlanan, daha sonra "The New York Times", "The Washington Post" və "Reuters" kimi media qurumlarında da yer alan bu xəbər ABŞ Müdafiə Kəşfiyyat İdarəsinin (DIA) hazırladığı qiymətləndirməyə istinad edir. Sözügedən qiymətləndirmə hava zərbələrindən sonra ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) tərəfindən aparılan analizinə əsaslanır.

Qiymətləndirmədə bildirilib ki, hücumlar İranın nüvə proqramının əsas komponentlərini məhv etməyib. Bu isə prezident Donald Trampın zərbələrin İranın nüvə obyektlərini "tamamilə və bütövlükdə" məhv etdiyini iddia edən açıqlaması ilə ziddiyyət təşkil edir.

Prezident Donald Tramp deyib ki, yayımlanan xəbərlər "tarixdəki ən uğurlu hərbi zərbələrdən birini əhəmiyyətsizləşdirməyə yönəlib".

Bəzi analitiklər də daha əvvəl Trampın nüvə obyektlərinin tamamilə məhv edilməsi iddiasına şübhə ilə yanaşıblar.

CNN-in istinad etdiyi şəxslərdən biri bildirib ki, qiymətləndirməyə görə, hava zərbələri İranı "bir neçə ay geri sala bilər".

Xəbərdə həmçinin qeyd olunub ki, DIA-in təhlili hələ davam edir və əlavə kəşfiyyat məlumatları əldə edildikcə, bu qiymətləndirmə dəyişə bilər.

Müdafiə naziri Pit Heqset də bu xəbərlərə etiraz edərək prezident Trampın yanaşmasını dəstəkləyib.

"Gördüyümüz məlumatlara əsasən, - mən onların hamısını görmüşəm, - bizim bombardman kampaniyamız İranın nüvə silahı yaratmaq qabiliyyətini məhv edib", - Heqset bildirib. "Nəhəng bombalarımız hər hədəfdə tam olaraq lazım olan nöqtəyə dəyib və mükəmməl işləyib".

O əlavə edib ki, bombardmanın dağıdıcı olmadığını iddia edənlər sadəcə prezidentin uğurlu əməliyyatını gözdən salmağa çalışırlar.

"Zənginləşdirilmiş 400 kiloqram uran haradadır?"

İyunun 21-də İranın üç nüvə obyektinə qarşı həyata keçirilən ABŞ zərbələrinin nəticələri ilə bağlı detallı məlumatın olmaması onun nə dərəcədə təsirli olması ilə bağlı şübhələri artırıb.

Peyk görüntüləri obyektin yerləşdiyi sahədə iri dəliklər olduğunu göstərsə də, obyektin dərinlikdə yerləşməsi səbəbindən zərər görünmür.

Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) baş direktoru Rafael Qrossi iyunun 23-də qurumun idarə heyətinin fövqəladə iclasında bildirib ki, hava zərbələri, ehtimal ki, uranın zənginləşdirilməsi üzrə əsas obyekt olan Fordoya "çox əhəmiyyətli" ziyan vurub. Lakin o əlavə edib ki, "AEBA da daxil olmaqla hazırda heç kimin Fordoda yeraltı zərərin tam qiymətləndirilməsini həyata keçirmək imkanı yoxdur".

Qrossi bəyan edib ki, AEBA yüksək həddə zənginləşdirilmiş 400 kiloqramdan çox uranın harada olduğunu bilmir.

"İran qoruyucu tədbirlər görəcəyini rəsmi olaraq mənə bildirmişdi. Bu tədbirlər sırasına həmin materialın daşınması da daxil ola bilər və ya olmaya da bilər. Burada bir sual yaranır: bu material haradadır? Bunu müəyyən etməyin yolu isə yoxlama fəaliyyətinin mümkün qədər tez bərpa olunmasına icazə verməkdir. Bu, hər kəsin xeyrinə olar", - Qrossi deyib.

XS
SM
MD
LG